25 08 2012

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (3) - XRONOLOJİ GERÇƏK TARİX -

AZƏRBAYCAN ERMƏNİSTAN MÜHARİBƏSİ (3) - XRONOLOJİ GERÇƏK TARİX - |  görsel 1

3 - cü mərhələ (avqust 1991 may - 1992 - ci illər)
Müdaxilə


1991 - ci ilin avqust çevrilişi, SSRİ rəhbərliyində baş verən siyasi dəyişikliklər Qarabağda hərbi əməliyyatların gedişinə həlledici təsir göstərdi. Sonrakı bir neçə ay ərzində böhran dərinləşdi və lokal toqquşmalardan intensiv silahlı münaqişəyə keçid baş verdi.
Avqustun sonlarından etibarən Mərkəzin daxili qoşun qüvvələri faktiki olaraq Dağlıq Qarabağda FV rejimini həyata keçirməkdən imtina etdilər. Dağlıq Qarabağdakı erməni qüvvələri yaranmış vəziyyətdən istifadə edərək açıq fəaliyyətə keçdilər və 1991 - ci il sentyabrın 2 - də "Dağlıq Qarabağ Respublikası" deyilən oyuncaq qurumu yaratdıqlarını elan etdilər. Bütün silahlı qruplaşmalar (yerli dəstələr, partiya birləşmələri, Ermənistandan gələn dəstələr) "DQR - in özünümüdafiə qüvvələri" (sonralar "DQR - in müdafiə ordusu" adlandırıldı) adı altında birləşdirildi, onların ümumi sayı 15 min nəfərə çatdırıldı.
Sentyabrın ortalarında ermənilər Goranboy rayonunun qərb hissəsində XTMD - in mövqelərinə hücum edərək, əvvəl itirdikləri bəzi yaşayış məntəqələrinə nəzarəti bərpa etdilər. Oktyabrın əvvəllərində erməni quldur dəstələri Dağlıq Qarabağın bütün ərazisindən azərbaycanlıları sıxışdırıb çıxarmağa başladılar. Bu vaxt SSRİ DİN - in qoşunları açıq şəkildə erməni birləşmələrinə yardım göstərirdilər. Oktyabrın 28 - də ermənilər daxili qoşunların zirehli texnikasından istifadə edərək Xocavənd rayonunun yaşayış məntəqələrinə hücumlara başladılar. Nöyabrın 16 - da hərbi əməliyyatlar Hadrut rayonu ərazisinə də keçirildi. 1991 - ci il noyabrın 24 - ə qədər erməni işğalçıları Qarabağın iri yaşayış məntəqələrinin - Şuşa və Xocalının ətraf ərazilərlə əlaqəsini tamamilə kəsdilər. Dağlıq Qarabağdan demək olar ki, azərbaycanlıların hamısı çıxarıldı. SSRİ DİN - in daxili qoşunları ermənilər tərəfindən çıxış etdiyinə görə Azərbaycan DİN - in Xüsusi Təyinatlı Milis dəstələri ilə toqquşmalara girir, itkilərə məruz qalırdı. Onların Qarabağda 1991 - ci ildə 19 nəfər əsgəri ölmüş, 34 nəfər yaralanmışdı. SSRİ DİN daxili qoşunları dekabrın ortalarında regionu tərk etməyə başladılar. Bu qoşunlar çıxarkən hərbi texnika, silah, sursatının böyük bir hissəsini ermənilərə bu və ya digər adlar altında təhvil verirdi. Məsələn, Daxili qoşunların 81 - ci operativ polku 10 ədəd zirehli texnikanı, 1000 - dən artıq atıcı silahı erməni tərəfinin nəzarətinə verdi.
SSRİ - nin ləğvi, Azərbaycan və Ermənistanın müstəqillik əldə etməsi ilə münaqişənin yeni mərhələsi başlandı. Azərbaycan bu mərhələyə hazırlıqsız daxil oldu. DİN və DTK - nın hərbləşdirilmiş birləşmələri azsaylı və zəif idi, onların dağ şəraitində döyüş təcrübəsi yox idi. 1991 - ci ilin sentyabrından 1992 - ci ilin yanvarına qədər Müdafiə Şurası, Müdafiə Nazirliyi, Baş Qərargah yaradıldı. Lakin ordunun yaradılması üçün konkret addımlar atılmadı, 150 nəfərdən ibarət bir batalyon formalaşdırıldı. Müxalifətin səyləri ilə könüllülərdən, AXC fəallarından ibarət bir neçə batalyon yaradıldı və cəbhə bölgəsinə göndərildi. Artıq keçmiş SSRİ - nin Azərbaycanda olan hərbi hissələri qeyri - müəyyən vəziyyətdə qalmışdılar.
Azərbaycandan fərqli olaraq Ermənistan yaranmış yeni vəziyyətdən daha çox yararlandı. Həmin ana qədər o, Azərbaycanı hərbi quruculuq baxımından 3 il qabaqlayırdı. Ermənistanda və Qarabağda 30 minlik ordu artıq formalaşdırılmışdı. 1991 - ci ilin payızında Ermənistan rəhbərliyi öz vətəndaşlarının yenidən SSRİ silahlı qüvvələrinə hərbi çağırışını bərpa etdi. Bu çağırışçılar hərbi hazırlıq keçmək üçün Zaqafqaziya hərbi dairəsinin təlim mərkəzlərinə, hərbi hissələrinə göndərilir, sonradan isə Ermənistan silahlı qüvvələrinin tərkibinə qaytarılırdı. Ermənistan Moskvada siyasi hakimiyyətin bəzi yeni xüsusiyyətlərindən istifadə edərək, hərbi xarakterli bir sıra məsələləri öz xeyrinə həll edə bildi.
SSRİ daxili qoşunlarının çıxarılması qısa bir müddətə Qarabağda qüvvələr nisbətinin balanslaşdırılması ilə nəticələndi. Bu şəraitdə Azərbaycanın könüllü dəstələri əkshücuma keçərək Xankəndi yaxınlığında Kərkicahan yaşayış məntəqəsini azad etdilər və Xankəndindəki erməni mövqelərinə ciddi təzyiqlər göstərməyə başladılar. Bu vaxt şəhərdən cənub və qərbə doğru yüksəkliklərdən BM - 13 "Katyuşa", BM - 21 "Qrad", tankəleyhinə T - 12 "Rapira" topları və digər qurğulardan istifadə olunurdu. Eyni zamanda Ağdam rayonunda qüvvələrin cəmləşdirilməsinə cəhd göstərilirdi, burada Qarabağın içərilərinə doğru hücum etmək məqsədilə DİN bölmələri, ərazi batalyonları, AXC dəstələrindən ordu birləşmələri yaradıldı. Lakin bu vəzifənin yerinə yetirilməsi vahid rəhbərliyin, mərkəzləşdirilmiş idarəetmə sisteminin, rabitə və arxa ilə əlaqələrin olmaması ilə çətinləşirdi. Orduya çağırış kampaniyasının pozulması (1991 - ci ilin dekabrından - 1992 - ci ilin martına qədər nəzərdə tutulan 20 min nəfər əvəzinə 3614 nəfəri orduya çağırmaq mümkün olmuşdu) yeni yaradılan hissələrin komplektləşdirilməsinə imkan vermədi. Yuxarıda deyilən səbəblərdən Ağdam hərbi qruplaşması yanvar - fevral aylarında faktiki olaraq fəaliyyətsiz qaldı, yalnız bir neçə uğursuz hücum cəhdləri ilə kifayətləndi. Yanvarın 25 - 26 - da 1 - ci kəşfiyyat batalyonunun da Daşaltıda əməliyyat keçirmək cəhdi uğursuzluqla nəticələndi, 100 nəfərə yaxın ölən və yaralananlarla itki verdi.
Yanvarın sonunda erməni işğalçı dəstələri Dağlıq Qarabağda azərbaycanlıların son yaşayış məntəqələrini zəbt etməyə başladılar. Bu vaxt onlar 23 - cü motoatıcı diviziyanın 366 - cı polkunun, keçmiş Sovet ordusunun Xankəndi qarnizonunun əlahiddə kimyəvi müdafiə batalyonunun, həmçinin 42 - ci sərhəd dəstəsinin köməyindən istifadə edirdilər. Fevral ayının ilk yarısında ermənilər Kərkicahanı, Şuşa - Xocalı yolu və Şuşa ətrafındakı yaşayış məntəqələrini ələ keçirdilər. Xocalı şəhəri tam mühasirəyə alındı, erməni artilleriyasının daimi atəşləri ilə hava əlaqəsi də kəsildi. Şəhərin azsaylı qarnizonu XTMD - nin rotası, ərazi batalyonu və minomyot batareyasından ibarət idi. Fevralın 25 - dən 26 - na keçən gecə ermənilər 366 - cı motoatıcı polkun bölmələrinin iştirakı ilə hücuma keçdilər, Xocalını və yaxınlıqda yerləşən aeroportu zəbt etdilər. Bu hücum zamanı ermənilər xüsusi qəddarlıqla dinc əhalini qətlə yetirdilər, 613 nəfər öldürüldü, 1000 - dən artıq adam yaralandı. Azərbaycan hərbi dəstələri martın 5 - 6 - da Əsgəran, Xocalı istiqamətində əks - hücum keçirməyə cəhd göstərdilər, bir neçə tank Əsgəranın hüdudlarına çıxa bildi. Lakin hücum dayandırıldı, dəstələr əvvəlki yerlərinə qaytarıldı. Bu vaxt Zaqafqaziya hərbi dairəsinin rəhbərliyi tələsik 366 - cı polkun şəxsi heyətini münaqişə zonasından çıxardı, həmin polkun 25 tank, 87 BMP, 28 BTR və BRDM, 45 artilleriya - minomyot sistemi erməni tərəfinə verildi. Polkun 180 hərbi qulluqçusu, o cümlədən 22 zabiti erməni birləşmələrinin tərkibinə keçdi.
Qarabağda ermənilərin böyük hərbi qüvvəsi formalaşdırıldı, şərq və cənub - şərq istiqamətlərində (Əsgəran, Martuni, Hadrut) möhkəmləndirilmiş ərazilər yaradıldı.
Möhkəmləndirilmiş ərazilər bir neçə müdafiə hüdudundan, uzunmüddətli atəş qurğularından, mühəndis istehkamlarından ibarət idi. Qarabağdakı işğalçı qruplaşmaların silah, sursat, yanacaqla təminatı, şəxsi heyətin rotasiyası hava yolu ilə Ermənistandan təyyarə və vertolyotlarla (helikopterlərlə) təmin olunur, Xocalı aeroportundan, Xankəndi və Kolataqdakı vertolyot meydançalarından istifadə edilirdi.
May ayının əvvəlində Şuşanın müdafiəsi xeyli zəiflədi, şəxsi heyətin bir hissəsi şəhərdən çıxarıldı. Şəhərdə qalan qüvvələr Şuşa briqadasının qərargahı, reyd dəstəsi, 3 tankı olan "Səbayıl" tank batalyonu, respublikanın 5 rayonundan gəlmiş könüllülərin dəstələrindən və yerli milislərdən ibarət idi. Ermənilər mayın 7 - dən 8 - nə keçən gecə Şuşa üzərinə hücuma keçdilər. Düşmən hücuma çoxlu sayda canlı qüvvə cəlb etməklə, artilleriya, tank və BMP - lərdən geniş şəkildə istifadə edirdi. Şuşanın müdafiəçiləri bir neçə dəfə əkshücuma keçməyə cəhd göstərdilər, lakin 3 tərəfdən mühasirəyə alındıqlarına görə şəhəri tərk edib Laçına tərəf çəkilməli oldular. Sonrakı 7 gün ərzində ermənilər hücumlarını davam etdirdilər. Mayın 18 - də erməni qüvvələri Ermənistanın Gorus rayonu tərəfdən və Şuşa istiqamətindən eyni vaxtda hərəkətə başlayaraq Laçını zəbt etdilər. Laçın ərazimüdafiə alayı döyüşə - döyüşə cənub istiqamətində geri çəkildi. Bununla erməni işğalçıları Ermənistanla Qarabağ arasında 20 km enində dəhlizi ələ keçirdilər. Ermənilər Naxçıvanın Sədərək rayonu istiqamətində hücuma keçərək əlavə gərginlik mənbəyi yaratdılar.
Cəbhədəki məğlubiyyətlər Azərbaycanda hakimiyyət böhranına səbəb oldu, siyasi rəhbərlikdə dəyişikliklər baş verdi.

Hazırladı: Adil İrşadoğlu (Əliyev)
Ardı var...
Mənbə : Arxiv sənədləri,
qəzet, jurnal materialları,
televiziya, radio verilişləri və şəxsi müşahidələrim.

İlk dəfə "Azad Qarabağ"qəzetində çap edilib (02.03.2006. N-03).
--------------------------
VƏTƏNİ SEVMƏK İMANDANDIR ! İMANLI OLUN ! VƏTƏNİ SEVİN !
--------------------------

0
0
0
Yorum Yaz