03 06 2013

TAKSİM MEYDANI HƏM DƏ BİZİMDİR !

TAKSİM MEYDANI HƏM DƏ BİZİMDİR ! |  görsel 1

 

Türk xalqı simvollarla düşünməyi sevir. Onlara görə tarix Vətənin müxtəlif məkanlarında aparılan qanlı savaşlarla əbədiləşib qurtarıb və kiminsə buna korrektələr etmək cəhdi yanlışdır. Lakin Taksim meydanı belə müqəddəs vuruşların ünvanı olmadığından bir çoxları düşünə bilərdi ki, millətin ona münasibəti duyğusal acıdan olmayacaq və hökumət qərarı qarşısında müqavimət yaşamayacaq. Lakin sayın Ərdoğanın siyasi məsləhətçiləri bu dəfə yanıldılar.
 
Onlar indi nəinki demokratiyanın, həm də siyasi sistemin dayanıqlığının imtahanını verirlər. Türkiyənin az qala gündəlik həyatına çevrilmiş güclü su şırnaqları və bibər qazının acısı bu dəfə əvvəlkilərə bənzəmədi və protestə qoşulmayan yüz minlərlə insanı da acıladı.
 
 
Ərdoğan siyasəti böyük ictimai zərbə aldı. Söhbət heç də xalqla münasibətləri dəyənək və polis vasitəsilə aydınlaşdırmaqdan getmir. Zatən demokratiyanın bu unikal alətlərini Qərbdə kəşf ediblər və onun şiddəti altında yaralanan, zərbələrə tuş gələn on minlərlə insanın qanı üzərində hər zaman hakimiyyətlərin siyasətini irəlilətmək mümkün olur. Ancaq Ərdoğanın texnoloqlarının günahı başqadır. Dünyanın media manşetlərinə daşınırkən Taksimdən Təhrir, Ərdoğandan Əsəd çıxaranlar Türkiyənin hazırkı məqamına ve mövqeyinə zərbə vurdular. “Millətlə silah diliylə danışmaq olmaz” deyə hər kəsə barmaq silkələyən bir tövr indi zədələndi. Bu, AKP iqtidarına gərək deyildi. Belə zamanda siyasi kanalların gücü əsas hədəflərdən yayındı. Sanki türk düşmənləri bu layihəni həssaslıqla düşünərək hökumətə sırıyıblar və sevinc içərisində toqquşan tərəfləri izləyirlər.
 
Taksimdə demokratiya can vermir. Bu, şişirtmədir. “Ərəb baharı”nın türk versiyası söhbətləri efirdə öz maraqlarını sürdürmək istəyənlərin provokasiyasıdır. Çünki gündəmi dəyişməyə belə fürsət ola bilməzdi. Rəqiblərin əlinə işləyən bu səhv addım Ərdoğanın sərtliyi və inadkarlığı altında davam etsə və məntiqi sonluğuna çatsa da itkiləri böyük olacaq. Belə məsələlər hikkə ilə həll olunmaz. Bu gün Türkiyənin hər yerindən hətta ən qatı tərəfdarların da etirazı bir siqnal olmalıdır. Xalqa qalib gəlib taxt-tacda oturmaq mümkün deyil. Ərdoğan kimi xarizmatik lider təkcə seçkilərdə qalibiyyət uğrunda savaşmır axı. O, tarixdə qalanlardan biri və şəxsiyyəti ilə köklü inkişafına nail olduğu məmləkətin güclü bir rəhbəri idi. İndi Taksimdə və ora həmrəylik göstərənlərin qafasında bir çat yarandığını açıq söyləyə bilərik. Bir neçə seçkini qazanan qüvvənin alternativsizliyi fonunda eyforiyaya qapılması həqiqətən çox acınacaqlı imiş. Ərdoğan bir an reallıq hissini kənara qoyunca imperiya sələflərinin səhvini təkrarladı. İndi bəlli olur ki, o, “Möhtəşəm yüz il”i niyə sevmirmiş.
 
Əslində bu təkcə türk xalqının və bir baş nazirin həyatında yaşanan hadisə deyil. Napoleon 2-ci qayıdışına xalqdan geniş dəstək almayınca və qlobal savaşlardan bezən fransızları görüncə “heyf ki, millətim mənim arzularıma layiq olmadı” deyə kədərini və məğlubiyyət səbəbini ifadə etmişdi. İngilislər də II cahan savaşından onları toxunulmaz çıxaran Çörçili sonrakı illər bağışlamamışdılar. Elə Şarl de Qoll da eyni aqibəti yaşamışdı. Ərdoğan bunları bilməliydi. Ona görə Taksimdə bir “gəzinti meydanı”nın taleyi deyil, özünün gələcəyi həll olunur.
 
 
Ərəb inqilablarının bütün dövrlərində Türkiyə onlara bir nümunə kimi göstərilirdi. Meydanlara axışan milyonlarla etirazçı diktatorları devirərkən türklər kimi azad cəmiyyətdə yaşamaq istədiklərini bildirirdilər. Üsyanların ilhamvericisi və yeni demokratik hərəkatların cığıraçanı olduğu halda bu gün qanına bulanan türk vətəndaşı təkcə özünü deyil, Suriyadakı din qardaşını da “döydürmüş” oldu. Qəddar rejimlər belə mənzərəni öz təbəələri əleyhinə daha eybəcər şəkildə təkrarlayacaqlar. Bir azdan Əsəd deyəcək ki, Türkiyədə ayağa qalxan insanlara güllə də atılsa, onda iki ölkənin arasında nə fərq olacaq? Həqiqətən də bu oxşarlıqlar sadəcə miqyasca fərqlidir, mahiyyətcə eynidir. Ərdoğan qlobal oyunçudur və onu öz xalqının əli ilə vururlar!
 
 
Əslində AKP-çilərin dövründə çox daşlar yerindən tərpədilmişdi. Mühafizəkar bir cəmiyyətdə bunları etmək gerçəkdən qəhrəmanlığa bərabər idi. Ərdoğan “sionist tərafdarı” adını qazananda üzünü Qərbə çevirmişdi və Avropa Birliyinin düz kandarına gəlib çatmışdı. Sonra ona zərbə vuranda ərəb dünyası ilə işləməyə başladı. Onda da “yeni osmançı”lıqdan və “dərin dövlət”in fəsadlarından danışmağa başladılar. Onu dini təəssübdə qınayarkən əsil obrazını təhrif edib az qala məzhəb başçısına uyğun siyasət yürütməkdə ittiham edirdilər. O, bütün bunlara dözdü. Ərdoğan daxildə də həmin gerilik və toxunulmazlıq sistemlərinin üzərinə gedəndə belə vəziyyətlə üzləşdi. Hər cür gizli çeteni və çevriliş planlarını əngəllədi. Ordu ilə yeni münasibətləri ortaya qoydu, tarixi darbələrin üzərindəki tabunu götürdü və heç zaman qorxmadı. Hətta keçmiş prezidentin nəşini qazmaq qərarında belə siyasi iradə göstərdi və tərəddüdə yol vermədi. Məhz ona görə də ən çətin bir qonşular şəraitində Türkiyə qalxmağa başladı. Öz diplomatiyasına real hədəflər verməklə və ona daxildə baza hazırlamaqla Ərdoğan Türkiyəni iqtisadi böhranlardan yan keçirərək sürətlə inkişaf edən bir məmləkətə döndərdi. Lakin onların heç birində milli hisslər bu qədər qabarmamışdı. Bu gün Türkiyədə Təhrir meydanını yaratmağa hazırlıqlar gedir. Halbuki hər kəs bilir ki, Ərdoğan diktator deyil və hələ ki, belə azadlıqda yaşayan ərəb yoxdur dünyada!
 
 
***
 
Taksim milyonların sevgisinin ünvanıdır! Ola bilsin ki, orada şəhid qanı Samsundan və yaxud Kahramanmaraşdan bir qədər az tökülüb. Lakin insanlar üçün nə fərqi var ki, göz yaşlarını nəyin uğrunda axıdıblar! Ən azı iki nəslin həyat hekayəti o meydanla və İstiqlal caddəsi ilə bağlıdır. Adamlar gəncliklərini, ən qaynar ömür səhifələrini və qəlb duyğularını elə də asanlıqla söküb atmağa razı ola bilməzlər. Milyonlarla insan ora qayıdırkən keçmişlərinə dönürdülər. Hamıya doğma olan bu məkan dünənlə sabahın qovuşduğu yerdir! Orda illərin və tarixin danışan sətirləri yatır. Hər nişanə bir romandır. Millətin daş əsərlərini qazmaq olmaz. İnsanlar dünənləri ilə elə də asan vidalaşmırlar. Onsuz da həyatın və dünyanın keçərliyi, zamanın axarlı olması və hamını özündə əritməsindən bir kədər duyan insan məxluqu köksünə sığındığı yerlərin hesabına təskinlik tapır. Ərdoğan onların nəzərində bu tarixdən adamları məhrum edən və dünənlərindən qoparan Zaman çarxının yerindədir. Saat təkcə gələcəyə getmək üçün deyil, həm də keçənlərin ölçüsüdür! Taksim meydanı türkün və insanlığın sevgisinin şahidi, ruhların sığınacaq yeridir! Orda salınacaq ən gözəl park belə adamların ruhunu basdırmaq demək olacaqdır. Hətta cənnətə çevrilsə belə, yeni Taksimdə yaşananlar tamam başqa tarix olacaqdır!
 
 
***
 
Meydanları asfaltlar və fəvvarələr gözəlləşdirmir. Oranı ziyarət edən könüllərin hesabına hər bir qara torpaq guşələri meydanlaşır, qutsallaşır və canlı bir əfsanəyə çevrilir. Mən Taksimdəki kəsilən ağacın yerində qurulan cənnətin əleyhinəyəm! Çünki əkilən yüz minlərlə fidanın kölgəsində milyonların sığındığı O Bir Ağacı kəsmək olmaz. Burda artıq riyaziyyat işləmir. O ağac bir kimsəsizin evidir, bir cüt gəncin əhdinin ünvanıdır, bir qocanın kürəyini söykədiyi divardır! Taksim simvoldur və tanıtım nişanıdır!
 
***
 
Taksim həm də bizimdir! Milli sərhədlər belə ünvanlara aid deyil! Hava, Su və Günəş kimi bölünməz ilahi varlıqdır! Onun müqəddəsliyi də bundadır!
 
ZAHİD ORUC, Millət vəkili

0
0
0
Yorum Yaz